Lao Tzu
Yol və Kəramət Qanunu
1
Yolun istiqaməti müəyyəndirsə – o haqq yolu deyil
Ad səsləndirilə bilərsə – o əbədi ad deyil
Göyün və yerin atası – adsızdır
Ad sahibi – saysız-hesabsız cisimlərin anasıdır
Ehtirassız halda onun ecazkar sirrini duyarsan
Ehtiraslarla dolu olaraq – onun izhar səthini görərsən
Biri və başqası – adları fərqli, həqiqi mahiyyətləri eynidir
Birgə onlara Sirr Dəryası deyərlər
Dəryanın dibində birindən başqasına keçid var –
O sirrin zərif möcüzələrinə aparan qapıdır
2
Hamı gözəlliyin gözəlliyini dərk edib – buna görə də eybəcərlik peyda oldu
Hamı xeyrin xeyirli olduğunu dərk edib – buna görə də şər peyda oldu
Ona görə də
Varlıq ilə yoxluq bir-birini törədir
Çətin və asan biri-birinə gətirib çıxarır
Uzun və qısa biri-birlə tutuşdurulur
Hündür və alçaq bir-birini təyin edir
Səslər bir-birlə həmahəng olur
Əvvəl və axır bir-birini növbələyir
Buna görə Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir
Məşğul olduqda iştirak etmir
Yaratdığına yiyəlik etmir
Hərəkətdə cəhd etmir
Zəhmətini yönəltmir məqsədə
Nəticələrlə vaxtını itirmir fəxr edə
Buna görə də ruhu tükənməzdir
3
Qabiliyyətlilər sayılmazsa – eldə mübahisə və rəqabət olmaz.
Cavahiratın dəyəri olmazsa – eldə oğruluq olmaz.
Ehtiras doğuran şeylər görünməzsə - qəlblər çaxnaşmaz.
Buna görə Arif Aqilin qaydası budur ki,
Ürək boş olmalı, qarın isə dolu;
Şövq olmalı zəif, özək isə möhkəm.
İstək az olmalı – naşükürlük olmasın,
Bilik az olmalı – narahatçılıq olmasın.
Biliyi çox olanlar isə fəaliyyətdən kənar qalmalıdır, çünki
Biəməllik ahəng eylər.
4
Yolunun içi yox, lakin bu üzdən hər bir şey var və varlığını aşmır
Onun səthi yox – ülgünün tiyə xətti kimi incə və zərifdir – lakin özü bütün
səthlərin səbəbidir
Dəryalar Dəryasından də dərin – o bütün varlıqların ulu cəddinə bənzər
Kəskinliyini azalt
Şəfəqini boğ
Xüsusiyyətlərini tarazla
Necə də sakit və aydındır o ali yol!
Bilmirəm nədən əmələ gəlib, bilirəm ki ululardan da uludur
5
Yernən göyün şəfqəti yox – onlar üçün hər bir varlıq elə bil səmənidir
Arif Aqilin şəfqəti yox – onun üçün hər bir adam elə bil səmənidir
Yernən göyün arası körüyə bənzəmirmi?
Boşluğu da xeyir, boşalması da...
Neyə bənzəmirmi?
Boş içi hərəkətə gələndə nələr doğur...
Çoxlu söz yorar
Həddini bilmək yaxşı
6
Dərənin (vadi) ruhu ölməzdir – əsrarəngiz Ulu Ana
O – zülmətdən aydınlığa, “ola bilər”-dən “var”-a aparan qapıdır
Yernən göyün ən dərin kökü ondan doğur
Görsənməyən o dönməyi əbədi davam edir
Sevgisi, ehmalı isə tükənməzdir
7
Yernən göyün ömrü uzundur
Yernən göy özləri üçün yaşamırlar
yalnız bunun üçün də ömürləri o qədər uzundur
Arif Aqil hamıya yol verir, bunun üçün də hamıdan öndədir
Öz qeydinə qalmır, buna görə də salamatdır
Özünə qarşı deyil mi onun bu yanaşması?
Əksinə, keyfiyyətlərin bütövlüyünə çatmağın yolu budur!
8
Su bir örnəkdir kəramətin
Bütün məxluqlara xeyir gətirər
Heç mübarizə etməz, özü üçün ən alçaq yer axtar
Onun bu qaydası yola bənzər
Evin məziyyəti yaxşı yerdə durmaqdadır
Qəlbin – niyyətin dərinliyindədir
Ünsiyyətlərin – insanlıqdadır
Sözlərin – ixlasdadır
Hökmün – xeyri-nizamdadır
İşin – məharətdə
Hərəkətin – vaxtı-vaxtında olduğundadır
Özünü suya bənzədən yanlışlıq etməz
9
Qabı ağzına kimi doldursan – aparanda dağılacaq
Qab sızırsa – onu doldurmaqdansa qoy boşalsın
Bizin itiliyini dəqiqədə bir yoxlasan – kütləşər
Həddindən çox itiləsən – yeyilər, yoxa çıxar
Hədsiz var-dövləti qorumaq mümkün deyil
Rifahı ilə çox öyünənə salamat qalmaq mümkün deyil
İşini bitirib kənara çəkilmək – yolu budur
10
Axını düzümdən ayırd etməmiş vəhdətini tapmaq mümkündürmü?
Nəfəsi an-layib ruhun ali zərifliyinə nail olmaqla körpənin halına çatmaq mümkündürmü?
Seyrin güzgüsünü saf edib qüsursuz olmaq mümkündürmü?
Bir fənd işlətməmiş sevdiyinə yol göstərmək mümkündürmü?
Ana kimi sevərək göyün qapılarını ehtirassız açmaq və bağlamaq, həyatı nəfəs
kimi aramla alıb və vermək mümkündürmü?
Aləmin dörd yanını da dərk edib biəməl qalmaq mümkündürmü?
Həm doğmaq, həm yetişdirmək
Yaratdığına malik olmamaq
Qət etdiyini iddia etməmək
Hökm etdiyinə nəzarət etməmək
Budur kəramətin əsl qüvvəsi
11
Otuz dəndə birləşib təkərdə, lakin
Ortası deşik olmazsa əgər – təkərin xeyri olmaz ki
Gildən yapırlar qabı, lakin
İçi boş olmazsa əgər – qabın xeyri olmaz ki
Evi tikəndə divar içində açırlar qapı-baca, həm də
Divarların arasını saxlamazsan əgər boş – evin xeyri olmaz ki
Onun üçün də
Varlıq yalnız hüdududur yoxluğun
Hər bir şeyin əsl dəyəri - onun içidir
12
Rənglər çoxluğu gözü kor edər
Səslər çoxluğu qulağı kar edər
Dadlar çoxluğu tamın şitini çıxardar
Ov və cıdır qəlbi küt edər
Cavahirat arzusu azğınlıq gətirər
Buna görə də Arif Aqil zahiri ilə yox – daxili ilə məşğuldur
Birindən imtina edərək başqasına nail olmaq mümkündür!
13
Şərəf, rüsvay – bir lərzədir bunlar
Ad-san – bir bəladır həyatda
Niyə şərəf də rüsvay da bir lərzədir?
Çünki onlardan asılı olursan:
Şərəfi qorxursan ki qazanmazsan,
Qazandın da – qorxursan ki itirərsən.
Buna görə şərəf və rüsvay – bir lərzədir
Niyə bəs ad-san bir bəladır?
Çünki bədəndə olduğumuzdan özümüzün üstündə yaman əsirik
Özümüzü əsirgəməsək nə bəlamız ola bilir ki?
Bu üzdən:
Bəşəriyyətə xidmətdə özünü əsirgəməyənə bəşəriyyət də güvənər
Yaşadığı torpağı öz bədənini sevdiyi kimi sevən bir kəs yerdə bərk durar
14
Görmək tək baxmaq deyil – daxilən dinc olub ətrafa qovuşmaq deməkdir
Eşitmək tək qulaq asmaq deyil – daxilən sakit və boş qalmaq deməkdir
Mənimsəmək tək ani anlamaq deyil – zərrə bə zərrə, elə bil özündən gizlin, dərk
edib qəbul etmək deməkdir
Bu üç qaydanın nəticəsi onların kökü ilə birdir – vahiddir
Nədir ki o vahid həqiqət?
Zirvəsi nur tanımır
Dibi deyil zülmət
Sezilməz hərəkəti, lakin ani olsa da belə dayanmır əbədi
Adlanılmazdır və hər an yenə də yoxluğa qayıdır
Buna deyərəm: formasızlıq forması, vücudsuz vücud
Bu surətə deyərəm: mübhəm və qeyri müəyyən
Rastlaşıram onunla, lakin üzünü görmürəm
Təqib edirəm – lakin arxasını görmürəm
Qədim bu yoldan bərk tutsan
Gərçəyin açarsan tam sirrini
Varlığın duyarsan mənbəyini
Buna deyərlər yolun özülü
15
Yol əhli-nin qədim ustadları elə incə və zərif ərəfələrə çatmışdır ki
Onların bildiklərinin dərinliyi başqaları üçün qaranlıq – bilinməz idi
Daxili bilinməzdirsə – zahirinin təsviri ilə eyham edərəm:
Qışda çayı keçənlər kimi – diqqətli
Dörd yandan təhlükə ilə dövrələnmişlər kimi – ehtiyatlı
Evin sahibi ilə üzləşən qonaq kimi – təmkinli, ədəb-ərkanlı
Yazda gölün üzündə əriyib-gedən buz kimi – görkəmsiz
İşlənməmiş girdin kimi – sadə
Vadi kimi – açıq
Sel suyu kimi – tutqun
Tutqun idilər, lakin sükutları ilə aydınlıq gətirərdilər
Biəməl idilər, lakin əbədi dövranı yönərək həyatı bəsləyərdilər
Bu yolu qorumaqla kifayətlənərdilər – əlavə istəməzdilər və etməzdirlər.
Elə qorunan köhnələr, amma üzülməz.
16
İçim tam boş, tam asudə olaraq
Edirəm səy, bu sükutu səbatla qoruyuram
Hər şey özü dövran edir – bitir, çiçəklənir,
Toxum atır və qayıdır kökünə
O heç nəyə qayıdışı mən seyr edirəm
Qismətdir hər şeyə o qayıdış sükuta
O əbədi dövran sabitdir, daimidir
Bunu bilən – tapar ziya, aydınlığa çıxar
Bilməzsə – budur şər – çapalayar çılğınca
Dərk et – o son mənzil sirrlər xəzinəsidir
Göyün özü hökmdarı onun – səxavətlidir
Ora gedən də yol – göylər yoludur – haqq yoludur
Yolun da ki nə bədəni var nə də ki nəfsi
Demək o dövrandan kənardır – əbədidir
17
Ali o hökmdar təbəələrə şüur bəxş edir
Lakin bununla nə xeyirxahlıq edir
Nə də ki özünə etimad qazandırır
Nə qorxutmaq nə də ki lərzəyə salmaq niyyəti var
Kor-koranə inanan – bilməz
Aydın görən – inanmağı bir yol bilməz
Dərrakədən dərin, sözə yerləşməyən və biəməl
O hökmünü duyub deyərlər – hər şey təbiidir
18
İnsanpərvərlik və ədalət yoldan uzaqdır xeyli
Riyakarlıq da yalnız biliyin hədsiz çoxluğuna bağlıdır
Sazlıq olmazsa ailədə, onda tələb olar “böyük-kiçik”-ə
Vəfa və sədaqətin dəyəri – nizamsızlıq, düzümsüzlük nəticəsidir
19
Əllaməlik eləmə – fayda-xeyrin yüz dəfə artar
Mürüvvət və ədaləti hər şeydən yüksək bilmə –
onda duyarsan övlad hörmətini, və
ata-ana sevgisini
Məharəti, fərasəti varlanmağın yolu bilmə – amandır bu yol – axırı oğruluq,
canilikdir
Elm, mürüvvət, fərasət – bu adlar yenidir,
lakin üçü də hərislik üfunətini ört-basdır
edə bilmir istəsə də
Hayıf deyil qədim yol?..
Sadə ol, təbii – bununla mənliyini və ehtiraslarını rəf edərsən
Bildiyini unut – dərddən-kədərdən uzaq olarsan
20
Hörmətlə nifrətin arasında böyükmü fərq var?
Şərlə Xeyiri ayırd etmək mümkündürmü asanca?
Ölüm və təklikdən hamı qorxur, lakin onlar labüd müqəddəratdır
Həqiqətən isə tarazsızlıq, şübhə dəryası qat-qat dəhşətlidir
Ey izdiham, kefdəsən şənlikdəsən,
elə bil ki Novruz gəlib ya qurban bayramıdır...
Tək mənəm süst, sakit – elə bil heç doğulmayıb arzum
Bənzərəm gülməyə öyrənməmiş hələ körpəyə
Məyus olmuş bikəs, səfil sərsəriyə oxşaram –
nə çatası məqsəd, nə dönəsi yerim var
Hamının arzusu – bolluqdur, arzusu da bol
Mən sə aldığımı həmən paylayıb saçıram
Qəlbim – dəli qəlbidir, mən sə divanə
Dünya əhli üçün dünya aydın aşkardır
Mən sə fağır, avam və aləmim torandır
Dünya əhli təcrübəlidir, maraqlıdır
Mən sə ancaq laqeyd, təfavütsüzəm
Bir lal axın kimi sakit,
küləyin əsməsi kimi hədsizəm
Hərənin peşəsi, işi, bir sahəsi var
Tək mən sahələrin sərhədində tam faydasızam
Başqalardan tək mən fərqli olsam da lakin
Hər cür (kobud, zərif) qida yetişdirən
Dayə - ana təbiətin - ağuşundan çıxmazam
21
Dərkedilməzdir kəramət – hər səthin altı, hər şeyin içidir
Yoldur onun mənbəyi də məcrası da
Yolun isə özündən nə demək mümkündür ki?
Yolun mübhəm özəyində surəti var hər şeyin
Onun qeyri-müəyyənliyində bütün məna-mahiyyətlər var
Onun inanılmaz zülmətində hər varlığın toxum-mayası var
Hər toxumun əsli isə – ali həqiqət, haqqdır
Qədimdən indiyə kimi də onun adı daimidir
Ondan dərk edilir saysız halların dəyişilməsi
Haradan duydum indi saysız halların dəyişilməsini?
Buradan
22
Qədim bir söz var:
Hissə mislidir bütövün – (hissə olsa da yenə də bütövdür)
Əyri yalan də yalnız düzlüyün mislidir
Boşluq - boşluq ilə doludur
Sökmək də tikməyin bir üsuludur
Az-az irəliləyən çox bir şeyə çatar
Çoxluq üçün qaçan əlbət azar
Buna görə Arif Aqil bu vəhdəti duyaraq qəlbən
Bənzər göynən yerin arasında çobana
Görünmür adətən, lakin özü aydın itigörəndir,
Bildirmir haqqını – buna görə haqlıdır
Axtarmır şöhrəti və zəhməti qəbuldur
Deyil məğrur – buna görə başdadır
Bir şeyə deyil zidd – bununla yenilməzdir
Deyil boş söz o qədimi kəlmə:
“Mislidir Bütövün Hissə”
Bütöv olan bunu kamil bilər
23
Sükut labüddür, təbiidir – sözün hüdudu var bəlli
Bütün günü çəkməz əlbət səhərin şiddətli yeli
Leysan da ki əlbət yağmaz sonsuz olaraq şimşəkli
Budur yer-göyün hallarının qaydası
Və əgər yer-göydəki şiddətlər uzun çəkmir
Haradan olsun insanda o hey?
Buna görə, yol adamı
Yolunu getsə – yol ilə bir olar
Təmiz qəlbi ilə kəraməti duysa – kəramət ilə bir olar
İtirsə – itirdiyi ilə bir olar
Yol ilə bir olan isə yolunu tapar
Kəramət ilə bir olan isə kəramətini tapar
İtirdiyi ilə bir olan isə itirdiyini tapar
İnam kifayət deyil deyə, sübut-dəlil də yoxdur
24
Yolun əvvəlində duran dayanıqlı olmaz
Tələsən – tez yorular, uzaqlara çatmaz
Özünü göstərən aydınlıq tapmaz
Haqqını düşünən haqqı tapmaz
Özünü zorlayan müvəffəq olmaz
Özünü əsirgəyən kamilləşə bilməz
Yol adamı üçün bu çapalama artıq yük, ağır qida kimi mənfurdur
Yolu düz gedən bunlara ilişməz
25
Birbaşa xaosdan yaranmış – qeyri-müəyyən, formasız
Yer-göydən doğulmamış – olub onlardan əvvəl
Səssiz! Səthsiz!
Təkdir və dəyişməzdir – nə əvvəli var nə axırı
Hər tərəfə uzanır və tükənməzdir – qarşısı yoxdur
Yer-göyün Ulu Anasına bənzər
Bilmirəm adını
İşarə edərək ona Yol deyirlər
Ad vermiş olsam, deyərəm ona Böyük
Böyükdür – deməli sezilməzdir
Sezilməzdir – deməli hüdudsuzdur
Hüdudsuzdur – deməli zidd əksləri birləşdirir
Buna görə də
Yol böyükdür
Göy böyükdür
Yer böyükdür
İnsan da böyükdür
Kainatda dördü böyükdür – İnsan da onlardan biridir
Adamın qanunu - yerdəndir
Yerin qanunu - göydəndir
Göyün qanunu - yoldandır
Yolun da ki qanunu özündəndir
26
Yüngüllüyün köküdür, ağırlıq, və əsasıdır
Makam, sükutdur əsl sahibi hərəkətin
Bundan yolu gündüz-gecə yorulmadan gedərək
Yük çəkməkdən qaçmağı yoxdur Arif Aqilin
Ətrafdakı ilğımların – dövlət, saray, geniş imkanların
xəyalına uymaz – bir fəsilə gələn bir qaranquş kimi
yüngül və qayğısız o qonağıdır aləmin
Cazibənin vəsvəsəni qıran tapar yüngüllüyü
Azad olmaq üçün dayaq-söykənəcək axtarma
27
Kamil yolçu yolda nə iz görər nə də ki iz qoyar tapılası
Kamil natiq nə duruxmaz nə də ki suala bir yer saxlar veriləsi
Haqq-hesabı kamil edən çötkə-rəqəm bilməz
Kamil bir plan düzən qəti planlaşdırmaz
Bir qapını bir kəs kamil bilirsə qapada –
o qapıda olmaz kilid, qıfıl-cəftə,
məhz qapalıdırsa – heç açılmaz onda
Və bir bağlamanı kamil düyünləyə bilsə –
onu bağsız elə düyünləyər ki, məhz
onu bir şey saxlamasa da açılmaz
Buna görə Arif Aqil kamilliyi yetişdirərək
Hər kəsi bəsləyir, və heç kəsdən döndərmir üzünü
Hər şeyi bəsləyir, və heç nədən döndərmir üzünü
Buna deyirlər “dərinlikdən saçan nur”
Lakin
Başqasını təkmilləşdirmək istəyənin öyüd-nəsihəti xeyir gətirməz
Əsl yardımçı ola bilənin iltifat etmək niyyəti olmaz
Öz öyüd-nəsihətini qiymətli bilmə
Malik olduğunun qədrini bilmə
Çünki bilik – böyük yanılmadır
Budur sirli həqiqət qurşağı
28
Kişilik sərtliyini duyub qadınlıq incəliyini gözləyən
Bənzər göyün altındakı bütün çayları birləşdirən dəryaya
Dəryaya bənzəyəni kəramət tərk etməz
Tərk etməzsə bir kəsi kəramət, qaytarar o kəsi uşaq halına
Nurunu duyub zülmətini gözləyən
Olar göyün altındakı bütün varlığın örnək-ölçüsü
Göyün altındakı bütün varlığın örnək-ölçüsü olanı kəramət qüsursuz saxlar
Bir kəsi kəramət qüsursuz saxlarsa, qaytarar o kəsi hədsizliyə
Ağ gününü görüb qara gününə şükür edən
Bənzər göyün altındakı ucsuz-bucaqsız bir dərəyə
Dəryaya bəzəyən kəramət ilə dolu olduğuna qane olar
Kəramət ilə dolu olduğuna qane olan qayıdar ilk yonulmamış halına
Yonulmamış təbiət şaxələnərək yayılır və kəraməti yayır
Budur Arif Aqilin qüdrətinin mənbəyi
Bundan da, haqqın hökmü zor etməz və qabağı alınmazdır
29
Cəhd ilə, zor ilə, əməl ilə, təsir ilə göyün altındakı aləmi fəth edib
ona istədiyi kimi hökm etməyə səy edən
müvəffəq olmaz – aydın görürəm bunu
Həqiqət – ruhun sirrləri ilə dolu müqəddəs bir piyalədir
Ona heç bir təsir yol verilməzdir
Ona hökm etmək istəyən – məhkum olar
Ona sahib olmaq istəyən – onu itirər
Halların axını dəyişkəndir
Gah öndəsən, gah arxada
Gah yanırsan, gah buzlayırsan
Gah qüvvətlisən, gah da zəif
Gah yaradırsan, gah da dağıdırsan
Buna görə də, Arif Aqil
Artığı istəməz
İfratlardan çəkinər
Çoxluqdan uzaqlaşar
30
Düz yolunu gedən xidmət edər adamlara, İnsana
Silah və gücünü işlətmədən təsir edər hər yana
Çünki hər bir təsir tarazlanır uyğun cavab taparaq
Xarabalıq, tikan cəngəlliyi – cəngin izidir
Yoxsul illər – böyük orduların mütləq izidir
Əsil qalib zora heç ehtiyac duymaz – çəkinər
Qələbəni öyünmədən qəbul edər
Hücum etməz, cəngsiz qalib gələr
Tükəndirməz, üzməz – qalib gələr
Qalib gələr ki, ehtiyac duymaz – çəkinər
Bir kəs yetkin olaraq üzülürsə – o yolunda deyil
Yolunda deyilsə – demək axırı yaxındır
31
Döyüş silahların ən gözəli, ən yaxşısı belə -
qorxu və dərd-qəmin bir alətidir
Ona hər bir bəndə nifrət edər
Yol adamı isə heç istəməz onu alsın ələ
Əsil adam hörmət edər barışığa, sülhə
Digər çıxış olmazsa, yalnız, əl atar cəngə
Əsil adam silahları alət bilməz
Onlar qorxu və dərd-qəmin bir alətidir
Ehtirassız sükut üstündür hər şeydən
Və qələbə olsa da fəxr edək nədən?
Bir çox bəndələrin ölümünə mi sevinək?
Ölümə şad olar yalnız ruhsuz bədən
Qələbədən sonra yürüş-mərasimdə
Sərkərdəni aparar qoşun əllərdə
Eynən ölüləri aparar ailələr
Yas yerindən yürüyəndə dəfnə
Minlər qırılanda necə olmasın qəm-kədər
Buna görə zəfər mərasimi yasa bənzər
32
Əbədi yol adlanılmazdır, dəyişməzdir
Heç bir şeyə onun yoxudur nisbəti
Yalnız özü-özünə müadildir
Alilər ona əməl-riayət edirsə
Bütün varlıqlar ona təslim və tabe olur
Yer-göy ona köklənərək şəbnəm yetirir
İnsanlar bir kəsin göstərişi ilə yox –
Təbii olaraq sülh tapır
İdarəetmə isə fərqləndirməni tələb edir
Bundan adlar və sözlər çoxluğu əmələ gəlir
Sözün ağası sözlərin hüdudunu tanıyır
Buna görə də dərd-bəladan uzaqdır
Çünki yolayrıcılar çox olsa da - yol birdir
Axınlar çox olsa da axırları dənizdir
33
İnsanları dərk etmiş Aqildir
Özünü dərk etmiş isə - Arif
İnsanlara hökm edən qüvvətlidir
Özünə hökm edən isə - qüdrətli
Bütövlükdə halı ilə razı olan - varlıdır
Bütöv olaraq yolu davam edən isə - vardır
Özünü tapıb itirməyən uzunömürlüdür
Ölümündən sonra da yox olmayan isə - əbədi
34
Ey hər yana aşıb-daşan yol!
Solda olduğu qədər sağdadır!
Hər bir varlıq ondan əmələ gəlir və ona uyğun olmaqdan qaçmır
Hər şeyi yaradır, lakin nəinki məşhurdur – heç adı da yoxdur
Hər şeyi bəsləyir və bəzəyir, lakin hökm sürməyə niyyəti yoxdur
Görünməzdir, lakin deyərsən mi ona "cüzi"?
Bütün varlıqlar ona qayıdır, lakin o özünü onların sahibi bilmir
Buna görə deyirlər ona "böyük!"
Arif Aqil iş tərzini bu örnəkdən alar
Özünü qabağa verməyərək uğur tapar
35
Yolun ulu örnəyindən möhkəm yapış – ziyan olmaz
Onda bütün dünya tapar sükut, sülh, bütövlük
Onda yolçu tapar öz yurdunu – makamını
Səssiz ahəng ilə, sevinc ilə dolu ali rahatlığı
İncə, zərif o yol sözün hüduduna sığmaz
Dadsız və qoxusuz – nə görünər, nə də eşidilər
Ondan faydalansan belə – heç tükənməz
36
Toplamaq olsun deyə
Paylayan olmalı gərək
Bir şeyi yumşaldıb zəiflətmək olsun deyə
Onu əvvəl bərk və güclü edən olmalı gərək
Bir şeyi yıxıb tənəzzülə gətirmək olsun deyə
Onu əvvəl yüksəldib inkişaf etdirən olmalı gərək
Bir şeyi zorla almaq olsun deyə
Onu verib bağışlayan olmalı gərək
Buna deyərlər - gizli aydınlıq
Yumşaq möhkəmi məğlub edir
Zəif güclünü yıxır
İri balıq dərində gizlənər
Ölkənin ən iti silahını camaata göstərməzlər
37
Yol daima biəməldir, buna görə hər bir əməl onun əməlidir
Alilər bu tərzi qəbul edirsə, hər bir şey öz təbii qaydasına düşür
Qaydasında olan isə sözsüz sadəliyə üstünlük verir
Adsız sadəlik həvəs-ehtiras tanımır
Bağlılıqdan azaddır, məqsədsizdir
Bu ehtirassızlıq sülh və sükut gətirir
Onda bütün Kainat özü sakitləşir
38
Ali kəramət sahibinin öz kəramətini büruzə verməyə ehtiyacı yoxdur –
buna görə
də onun kəraməti var və qorunulur
Cüzi kəramət sahibi isə öz kəramətini nümayiş etdirməməyi bacarmır –
buna görə də, əslində, onun heç kəraməti yoxdur
Ali xeyirxahlıq və insansevərlik mövqeyindən əməl edənin etdiyinə ehtiyacı
yoxdur
Ali ədalət mövqeyindən çıxış edənin mənəvi borcu var,
lakin nə edirsə etsin, yenə də bir çox əməl etməyə ehtiyacı qalır
Ali ədəb mövqeyindən çıxış edənin bir çox əməl etməyə ehtiyacı var, lakin hay
verən yoxdur:
onda ədəb tam pozulur və əməl etməyənlər zor gücü ilə rədd
edilir
Həqiqətən də
Yol itiriləndə – kəramət özünü büruzə verir
Kəramət itiriləndə – xeyirxahlıq və insansevərlik özünü büruzə verir
İnsaniyyət itiriləndə – mənəvi borc hissi özünü büruzə verir
Mənəviyyat itiriləndə – ayin və ədəb qaydaları özünü büruzə verir
Ayin-ədəb doğru iman-vəfanın cecə-qabığıdır və qarğaşalığın başlanğıcıdır
Səthi anlayış ilə heyran olmaq – cəhalətin başlanğıcıdır
Böyük adam üzdəkinə çox fikir vermir – mahiyyət ilə məşğuldur,
Gül ilə yayındırılmır – kök-toxum ilə məşğuldur
39
Əzəldən, hərə tək sadə bir şeydən ötrü çalışır-vuruşur:
Göy çalışır təki tam aydın və təmiz olsun
Yer çalışır təki tam sakit və sabit olsun
Ruhlar çalışır təki sehrli quvvələri tam olsun
Dərə-vadilər çalışır təki münbitlik və bolluq olsun
Canlılar çalışır təki doğulsun, yaşasın
Alilər çalışır təki yer ilə göyün arasında tam haqq-ədalət olsun
Çünki sadəlik, vahidlik, bütövlük və tamamlıq - birdir
Aydınlıq və təmizlik olmazsa - göy qarışmaq təhlükəsindədir
Sükut və sabitlik olmazsa - yer dağılmaq təhlükəsindədir
Sehrli quvvələri olmazsa - ruhlar sovrulmaq təhlükəsindədir
Münbitlik və bolluq olmazsa - dərə-vadilər biyaban olmaq təhlükəsindədir
Doğum-artım olmazsa - canlılar qırılmaq təhlükəsindədir
Haqq-ədalət olmazsa - alilər devrilmək təhlükəsindədir
Sadəlikdədir ucalığın kökü
Alçaqdır ucaldılanın özülü
Buna görə alilər özlərinə “fağır”, “yetim” deyərlər
Bununla mı sadəliyə köklənirlər? Xeyir!
Lakin əzəmətlilik də hələ ucalıq deyil
Buna görə
Nə yaşmanın şərəfi gərəkdir
Nə də ki gəmbər daşın qabalığı
40
İnkar və əksinə dönmək – dəyişiklik yoludur
Zərif və üzüyola olmaq – qüdrət yoludur
Dünyada hər şey doğulur varlıqdan
Varlıq isə doğulur yoxluqdan
41
Əsl xadim yol haqqında eşıdərək cidd-cəhd edər və yola düşər
Adi adam yol haqqında eşıdərək gah çalışar, gah unutar
Axmaq isə yol haqqında eşıdərək qəhqəhə çəkir
Amma heç gülməyəndən də yol adamı şıxmaz
Buna görə natiqlər cümlələri belə qoşublar:
Yolun aydınlığı bir qaranlığa bənzər
Yolda irəlləyiş bir qeriyə addıma bənzər
Yolun ən rahat yeri çətin bir ilişiyə bənzər
Kəramətin yüksək zirvələri boş bir dərəyə bənzər
Böyük saflıq bir küfr ya biabırçılığa bənzər
Kəramətdən bolluq – kəsir, kasıbçılığa bənzər
Kəraməti yaymaq bir alçaqlıq ya oğruluğa bənzər
Əsil bir həqiqət fani yalana bənzər
Ən böyük sahənin sərhədi yoxdur
Ən böyük istedadın faydası yoxdur
Ən böyük səsi qulaq eşitməz
Ən böyük gözəllik gözə görsənməz
Yol gizlindir və isimlərin xaricindədir,
Lakin hər bir şeyi o bitirir
42
Yol doğur Biri
Bir doğur İkini
İki doğur Üçü
Üç isə doğur bütün varlığları
Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq)
Içindəki Nur (Yin) və
Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır
Göyün altında ən bədbəxt yazıq yetimlərdir
Lakin alilər bilə-bilə öz-özlərinə belə deyir
Bunları adamlardan öyrənmişəm
Elə bunu da adamlara öyrədirəm:
Amansız və zalım adam öz ölümü ilə ölməz
Sözlərimin duzu, elmimin əsası - budur
43
Kainatın ən zərif və yumşağ maddəsi
Ən möhkəm və güvvətliyə üstün gəlir
Qeyri-maddi olan isə
Ara olmayan yerdən də keçir
Biəməl olmağın qədrini bundan bilirəm
Sözsüz öyüd verib öyrətmək
Biəməlliyin xeyirini görmək
Hər kəsin qisməti deyil
44
Adın və şərəfindir mi daha əziz ya həyatın, mahiyyətin ozü?
Varlıq ya varlılıq – hansı dəyərə yapışmaqdır seçimin düzü?
Daha ağırdır mı qazanc uğrunda çəkilən zəhmət
və ya itki kədəri, zərərin qara üzü?
Həqiqətən,
Ad-şərəfi seçən daha çox xərc edər
Var-dövləti güdən – daha çox itirər
Şükür edən isə üzüqara olmaz
Hədd-qədəri bilənin bəxti bəd olmaz
Ömrü uzun olar, əndişəsi olmaz
45
Ali yaradıcılıq dağıntıya bənzər: düzəlməzdir
Tam dolğunluq boşluğa bənzər: tükənməzdir
Böyük düzgünlük əyri gələr
Böyük ustalıq sefehliyə bənzər
Böyük fəsahət diliağır gələr
Hərəkət soyuğun öhdəsindən gələr
Hərəkətsizlik istiliyin öhdəsindən gələr
Sakit aydınlıq isə dünyanı qaydaya salar
46
Dünyada hər şey yolundadırsa
Yəhərlənməmiş atlar çəmənləri gübrələyir
Dünya yolunu itirəndə
Cəng arabalarına qoşulmuş atlar civarda çapır
Ən yaman şər – şöhrətpərəstlikdir
Ən acınacaqlı safalət - naşükürlükdür
Ən acı cinayət – tamahkarlıqdır
Həqiqətən,
Kim qədərini bilər və kifayətlənər
O adama həmişə yetərincə yetər
47
Evdən çölə heç çıxmayan da dünyanı dərk edib anlaya bilər
Pencərədən baxmayan da göylərin yolunu aydın görə bilər
İnsan nə qədər uzağa getsə bir o qədər də az bilər
Arif Aqillər uzağlara getməmiş bilərdi
Gözləri ilə baxmamış mahiyyəti görərdi
Əməl etməmiş işlərini başa çatdırardı
48
Elm adamı gündə nə isə tapır
Yol adamı gündə nə isə itirir
İtə bilən şeyləri itirmək üçün heç bir şey eləmək lazım deyil
Heç bir şey eləməyən isə bikar-avaraçılıq da eləyən deyil
Aləmi əhatə edən daim biəməldir
Öz işi ilə məşğul olan aləmi əhatə edə bilməz
49
Arif Aqilin öz dəyişməz könülü yoxdur
Onun könülü elin min nəslinin könülləridir
Yaxşı insanlara yaxşılıq edir
Amma pis insanlara da yaxşılıq edir
Bu cür yaxşılıq kəramətdəndir
İmanlı insanlardan əmindir
Amma imansızlardan da əmindir
Bu cür əmniyyət kəramətdəndir
Arif Aqil dünya ilə həmahəngdir, lakin bitərəfdir
Dünyadan ötrü qəlblərini bulandıran
elin min nəslinin gözləri və gulaqları vasitəsi ilə
Arif Aqil hər şeyə körpə uşaq kimi diqqət yetirir
50
Doğmaq – həyata aiddir
Batmaq isə – ölümə
On nəfərdən
üçü – doğulur
üçü – batır
üçü isə – həyatdan ötrü çapalasa da ölüm yerinə yaxınlaşır
Niyə belə? Çünki yaşamağa yaman can atırlar
Birinin də haqqında eşitməşəm ki,
Dövri-həyatı tam qavrayan o
Səfərdə kərgədanın və pələngin qorxusundan qaçmır
Döyüşdə düşmən qorxusundan yaraq-əsləhə qeyinmir
Kərgədan buynuzunu batıra bildiyi bir yeri tapmaz
Pələng dırnaqlarını batıra bildiyi bir yeri tapmaz
Silah ucunu batıra bildiyi bir yeri tapmaz
Niyə belə?
Çünki onun öləsi yeri qalmayıb
51
Yol törədir onları
Kəramət bəsləyir onları
Mahiyyət təşkil edir onları
Şərait bitirir onları
Buna görə də elə bir cisim yoxdur ki,
Yoluna ehtiram etməsin, kəramətin qədrini bilməsin
Yola onlar ehtiram edir, kəramətin qədrini onlar bilir:
Bunu onlara hökm edən yoxdur – bu tam təbiidir
Belə ki, yol törədir onları
Kəramət bəsləyir onları,
yetişdirir onları, saxlayır onları,
bitirir onları, yetkinləşdirir onları,
gözləyir onları, qoruyur onları
Törədən və sahib olmayan
Becərən və bunu iddia etməyən
Yetişdirən və hökm etməyən
Budur ulu kəramət
52
Dünyanın bir başlanğıcı var
O başlanğıc - dünyanın anasıdır
Madam ki, anasından xəbərin oldu – onun uşağını daha yaxşı tanıyarsan
Madam ki, uşağını tanıdın – onun anasını daha da yaxşı gözləyərsən,
və canını üzmədən xətərsiz yaşayarsan
Tamahını kəs, nəfsinə idarə et –
Ömrünün axırına kimi yorulmazsan
Tamahına bax, iş-gücünə giriş –
Ömründə canını qurtara bilməzsən
Incəliklər görünürsə – deməli aydınlıq var
Zəriflik qorunursa – deməli qüdrət var
Bu bilikdən faydalanan, aydınlığa çıxıb,
canının dərd-bəlasını tam yox edər
Sabitliyə yiyələnməyin üsulu budur
53
Əgər mən yəqin biliyin carını eşitsəydim,
Çıxardım ulu yola və
Yalnız yoldan çıxmaqdan qorxardım
Ulu yol düp-bə-düzdür,
Amma camaat cığırlarda dolanır
Saray cah-calal ilə bəzəkli
Tarlaları isə alaq basıb
Anbarlar tam boş...
Naxışlı xələtlər geymək
Iti qılıncı kəmərə asmaq
Yeyib-içməkdə, var-dövlətdə israfçılıq etmək...
Buna deyərlər – yolkəsərliklə öyünmək
Bu yəqin yol-suzluqdur!
54
Düz-əməlli qurulmuş olan kökündən qırılmaz
Düz-əməlli əhatə edən yana atıla bilməz
Buna görə gələcək nəsillərdə də qurban kəsmək ənənəsi kəsilməz
Bunu özündə yetişdirənin kəraməti doğrudur
Bunu ailəsində yetişdirənin kəraməti boldur
Bunu obasında yetişdirənin kəraməti sürəklidir
Bunu ölkəsində yetişdirənin kəraməti tükənməzdir
Bunu bütün dünyada yetişdirənin kəraməti tamdır
Buna görə özündən ötrü – özünə bax
Ailəndən ötrü – ailənə bax
Obandan ötrü – obana bax
Ölkəndən ötrü – ölkənə bax
Dünyadan ötrü – dünyaya bax
Aləmin bu qaydasını haradan bildim?
Bundan!
55
Kəraməti dolğun olan insan körpə uşağa bənzər:
Arı, əqrəb, ilanlar onu vurmaz
Yırtıcı heyvanlar onu tutmaz
Alıcı quşlar onu aparmaz
Sümükləri yumşaq, əzələləri zəif, amma tutanda bərk yapışır
Cinslərin əlaqəsindən xəbəri yox, amma ərkək gücü onda var, çünki toxumu artıq
bütövdür
Bütün gün qışqırır, amma səsi batmır, çünki ahəngi bütövdür
Ahəngi duymaq – budur sabitlik
Sabitliyi duymaq – budur aydınlıq
Həyatı artırmaq – budur xoşbəxtlik
Qəlbində ruhu bəsləmək – budur qüdrət
Bir kəs yetkin olaraq üzülürsə – o Yolunda deyil
Yolunda deyilsə – demək sonuna yaxındır
56
Bilən – söyləməz
Söyləyən – bilməz
O boşluğunu ört
O qapılarını bağla
O kəskinliyini poz
O dolaşıqlığını həll et
O şəfəqini azalt
O toza bənzə
Onda deyərlər: sirrə qovuşub
Çünki
Ona çatıb ona yaxın ola bilməzsən
Ona çatıb ona özgə də ola bilməzsən
Ona çatıb ona xeyir gətirə bilməzsən
Ona çatıb ona ziyan da vura bilməzsən
Ona çatıb ona ehtiram edə bilməzsən
Ona çatıb onu təhqir də edə bilməzsən
Buna görə aləmdə o belə dəyərdir
57
Düz olaraq dövləti idarə edərlər
Bic olaraq müharibələr apararlar
Biəməl olaraq aləmə yiyələnərlər
Hardan bilirəm bunu?
Ondan ki,
Ölkədə nə gədər çox şeylər qadağan edilirsə, xalq bir o gədər kasıblaşır
Camaatın mənfəət üsulları nə gədər çoxalırsa, üsyan bir o gədər yaxınlaşır
Camaatın qabiliyyəti nə gədər artırsa, bir o gədər əcaib şeylər çoxalır
Ölkədə əmr-qanunlar nə gədər çoxalırsa, oğru-quldur sayi bir o gədər artır
Buna görə Arif Aqil deyir:
Mən biəməl oluram, camaat isə öz-başına dolanır
Mən sakit oluram, camaat isə öz-başına düzəlir
Mən asudə oluram, camaat isə öz-başına dövlətlənir
Mən qərəzsiz oluram, camaat isə öz-başına səmimiləşir
58
Hökümət bitərəf və biganə olanda, xalq tox və ürəyiaçıq olur
Hökümət hər yerə nəzarət edəndə, xalq ac və hiyləgər olur
Bədbəxtlik – budur xoşbətliyin bünövrəsi
Xoşbəxtlik – budur bədbəxtliyin mənbəyi
Hanı bunların həddi-hüdudu?
Bunlar düzələn şey deyil
Düzlük bunlara qeyri-adi gəlir
Yaxşılıq bunlara qəribə gəlir
İnsanlar azıb-çaşıb
Özü də möhkəm və çoxdan
Buna görə Arif Aqil düp-bə-düzdür amma ülgülənməmişdir
Düzgündür amma heç kəsi incitmir
Düzqəlblidir amma özbaşınalıq etmir
Nur saçır amma göz qamaşdırmır
59
İsanları mı idarə edərkən, göylərə mı xidmət edərkən - əsas qənaətkarlıqdır
Bir kəs qənaətkardırsa, deməli öncədən ehtiyat görər
Öncədən ehtiyat görmək isə kəraməti toplamaq deməkdir
Kəraməti toplayan hər şeyin öhdəsindən gələr
Hər şeyin öhdəsindən gələlənin sərhədi bilinməz
Sərhədi bilinməyən Vətənini tapa biləcək
Ana Vətəninin özülünü tapan uzunömürlü ola biləcək
Budur dərin kök və möhkəm əsas
Əbədi həyatın və ölümsüzlüyün yolu
60
Böyük məmləkəti idarə etmək xırda balıqları bişirmək kimidir
Dövlətə Yol nəsib olsa cinnlər kəramətini göstərməz
Demək deyil ki, cinnlər kəramətini heç göstərəməz, ancaq o kəramət insanları
incitməz
Demək deyil ki, o kəramət insanları heç incitəməz, ancaq Arif Aqil də onları incitməz
Bu ikisi bir-birini incitmiyəndə kəramətləri qovuşur və sakitləşir
61
O dövlət böyükdür ki, ən aşağı yerdə axan çayın ayağına bənzər -
Bütün dünyanın axıb tökülən yerinə,
Bütün dünyanın dişisinə
Dişi həmişə sakit olduğuna görə erkəyə üstün gəlir
Çünki sakitlik bir növ özünü-alçaltmaqdır
Buna görə də
Böyük dövlət özünü balaca ölkənin səviyyəsinə alçaldır və balaca ölkəni alır
Balaca ölkə özünü böyük dövlətin qarşisinda alçaldır və böyük dövləti qəbul
edir
Belə ki,
Biri özünü alçaldaraq alır
O biri isə özünü alçaldaraq qəbul edir
Böyük dövlət ancaq istər başqaları birləşdirib-dolandırsın
Balaca ölkə ancaq istər başqalarla birləşib xidmət etsin
Bunların ikisi də istədiklərinə çata bilsin deyə
Böyük özünü alçaltmalıdır
62
Yol – hər bir cisimin sirli mahiyyətidir
Saf insanınki – sirrlər xəzinəsidir
Yaman insanınki – sığınacaqdır
Tərif etməklə – ticarət etmək olur
Ehtiram göstərməklə – ucalmaq olur
İnsanlarda olan yamanlığdan bəs,
Nə edib qurtula bilərsən?
Buna görə Göylər Oğlu taxta çıxsa da
Üç nazir təyin etsə də
Ən böyük xəzinə sahibi olsa da
Dörd atlı qoşum ilə getsə də belə
Dizləri üstə oturub bu yolda kamilləşənlərlə ayaqlaşa bilməz
Nə səbəbə görə bu yol qədimdən belə əziz və dəyərlidir?
Demirlər bəs: axtaran – tapar, tövbə edən – bağışlanar?
Buna görə dünyada o ali dəyərdir
63
Əməl biəməllilikdədir
Iş asudəlikdədir
Ləzzət dadsızlıqdadır
Böyüklük kiçiklikdədir
Çoxluğ azlıqdadır
Pisliyin haqqını kəramətlə verərlər
Yüngül məsələlərədə belə ağırlıq gərəkdir
Xırda işlərin belə böyük vacibliyini duymaq gərəkdir:
Ən ağır məsələlər yüngül məqamlardan ibarətdir
Ən böyük işlər isə xırda incəliklərdən asılıdır
Buna görə, Arif Aqil böyük işlərlə məşğul olmadan həqiqətən böyük iş görür
Asanlıqla vəd verən etibar qazanmaz
İşi çox asan bilən çoxlu çətinliklərlə üzləşər
Buna görə Arif Aqil hər işi çətin bilir və heç çətinlik çəkmir
64
Rahat duranı saxlamaq asandır
Hələlik meydana çıxmayanı düzəltmək asandır
Kövrək olanı qırmaq asandır
Xırda olanı səpələmək asandır
İşini o yerdə gör ki, hələ bir şey meydana çıxmayıb
Qaydanı o yerdə qoy ki, hələ bir nasazlıq yoxdur
Gövdəsi bir qucum olan ağac xırdaca bir zoğdan başlayır
Hündürlüyü doqquz qat olan qala bir kəsək torpaqdan başlayır
Min ağac uzunluğunda belə olan yol bir addımdan başlayır
Fəal məşğul olan – zərər çəkər\yetirər
Tutub saxlayan – itirər
Buna görə də Arif Aqil biəməldir və zərər çəkmir\yetirmir
Heç bir şeyi tutub saxlamır və heç itirmir
Çox vaxt insanlar bir işi həvəslə başlayır
lakin axırına az qalmış müvəffəqiyyətsizlik ilə rastlaşırlar
Onlar o vaxt müvəffəqiyyət tapar ki,
işin həm əvvəlində həm də axırında diqqətli və ehtiyatlı olar
Buna görə də Arif Aqilin yeganə istəyi – istəklərin olmamasıdır
və o çətinliklə tapılan əşyaları dəyərli hesab etmir
O digərlər öyrənmədiklərini öyrənir
və digərlər yan keçdiklərinə diqqət edir
Beləliklə, o hər şeyin təbii ozül-özəyinə riayət edir
və təsir göstərməyə ehtiyat edir
65
Qədim zəmanənin yol ustadlarının niyyəti
İnsanları maarifləndirmək deyil -
Onları sadə və ürəyiaçıq etmək idi
İnsanların məlumatı çox olanda onları idarə etmək çətindir
Buna görə də,
Ölkəni çoxlu məlumat vasitəsi ilə idarə edən – ölkənin oğrusudur
Ölkəni çoxlu məlumat işlətmədən idarə edən – ölkənin xoş bəxtidir
Bunların ikisini də anlayan qayda-qanunu duyar
Qayda-qanunu daima anlamaq qabiliyyətinə kəramət deyərlər
O kəramət nəcə də dərindir, necə də uzaqlara yayılır!
Onun bütün cisimlərə qarşı olduğuna baxmayaraq
Onlar ona təslim olur və böyük ahəng tapır
66
Çay və dəniz ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır ki,
Yerləri əcəb aşağıdır – ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır
Buna görə Arif Aqil
İnsanlardan üstün olmaq istəsə – böyük-böyük danışmamalıdır
İnsanların öndəri olmaq istəsə – özünü axırıncı hesab etməlidir
Onda,
Arif Aqil insanların üstündə olsa da belə – onlara ağır olmaz
Arif Aqil insanların önündə getsə də belə – onlara ağır gəlməz
Buna görə də, hamı ona hörmət etməyə şaddır və bundan çəkinmir
O mübahisə etmir, buna görə də dünyada onun rəqibi yoxdur
67
Hamı deyir ki, yolum böyükdür, amma onun elə bil faydası yoxdur
Aydın məsələdir – böyükdür, ona görə də faydası yoxdur
Faydası bəlli olsaydı – çoxdan üzülərdi!
Üç sərvət-dəyərim var – onları saxlayıb qoruyuram
Birincisi – eşqi-nəzakət
İkincisi – qənaət
Üçüncüsü – hamıdan birinci olmağa cürət etməməyim
Eşqi-nəzakəti olanın cəsarəti də olar
Qənaəti olanın səxavəti də olar
Hamıdan birinci olmağa cürət etməyən – ustad olar, hörmət qazanar
İndiki camaat eşqi-nəzakəti buraxıb cəsarətli olmaq istəyir
Qənaəti buraxıb səxavətli olmaq istəyir
Arxa olmağı buraxıb öndə olmaq istəyir
Ölərsiniz axı!
Eşqi-nəzakətli bir kəs
Hücumda da qalib gəlir
Müdafiədə də tükənməzdir
Göylərin qəyyumluğu altinda
Onu eşqi-nəzakət qoruyur
68
Layiqli vəzifə sahibi lotuluq etməz
Döyüşü əslən bacaran hirslənməz
Düşmənə qalib gəlməyin yolunu bilən onunla kəllə-kəlləyə gəlməz
İnsanları məharətlə idarə edə bilən öz işini başını aşağa salıb görər
Budur danılmaz olanın kəraməti,
Budur insanları idarə edə bilənin qüvvəsi
Qədimdə belə insanlara deyərdirlər “Qütb”, “Göylərin tayı”
69
Mahir sərkərdələr belə deyir:
“Vəziyyətin yiyəsi (hücum edən) olmağa cürət etmərəm
qonaq (müdafiə edən) olsam ondan yaxşıdır
Xırdaca olsa da irəlləməyə cürət etmərəm
Bir addım geri çəkilsəm ondan yaxşıdır.”
Buna deyərlər
İrəlləmədən irəlləmək
Əlsiz tutub-saxlamaq
Düşmən olmayan yerdə onu yıxmaq
Ordu işlətmədən onu mühasirəyə almaq
Ən böyük fəlakət – rəqibə nifrət edib ona düz qiymət verməməkdir
Rəqibinə nifrət edən mənim sərvət-dəyərlərimi məhv edib itirir
Buna görə
Ordular döyüşə hazır halda üz-üzə qarşılaşırsa
Yalnız o anın matəmini duyan qalıb gəlir
70
Mənim sözlərimi anlamaq da asandır
Onlara əməl etmək də asandır
Lakin heç kəs anlaya bilmir
Bir kəs də əməl edə bilmir
Sözlərimin kökü dərindir
Əməllərimin hakimi vahiddir
Bunları anlamadığlarına görə məni də anlamır onlar
Anlayan tək-tükdür deyə biliklərim dəyərlidir
Arif Aqil cındıra bürünüb qoynunda bahalı qaş gəzdirənə bənzər
71
Bilmədiyini dərk edən – alidir
Bildiyini anlamayan – xarabdır
Yalnız xarab olmaqdan artıq bezən bir kəs
Bu naxoşluğa nifrət edər, bu dərdi rədd edər
Arif Aqilin dərdisəri, naxoşluğu olmur
Cünki onun xarablaşması xarab olubdur
Və buna görə də o xarab olmur artıq
72
Hakimiyyət ixtiyarının həddini aşanda
insanlar ondan daha qorxmur
Evlərinin içinə burnunu soxma
Onların doğmalarına ziyan yetirmə
Çünki, insana ziyan yetirməzsən
O da ziyan yetirənlərdən olmaz
Buna görə,
Arif Aqil özünü göstərmir – özünü dərk edir
Özünə qiymət qoymur – özünə hörmət edir
Beləliklə birini rədd edib o birinə nail olur
73
Cəsarətini cürət etməyə yönəldən – öldürər
Cəsarətini cürət etməməyə yönəldən – yaşayar
Bunların ikisidə gah xeyirdir, gah ziyan
Göylər qəzəblənəndə – kim bilər səbəbi nə?
Bu məsələdə Arif Aqil də çətinlik çəkir
Göylərin yolu budur:
Heç mübahisə də etmir, amma əcəb qalib gəlir
Heç dinmir də, amma əcəb cavab verir
Heç dəvət etmir, amma hər şey özü qayıdır
Necə də səxavətlidir ki, hər kəsin qisməti var
Göylərin toru hədsiz-hüdudsuzdur
Geniş gözlüdür, lakin bir kəsi qaçırtmaz
74
İnsanlar ölümdən qorxmur əgər
Neyniyəsən ki – ölüm ilə qorxudasan onları?
Təsəvvür edək, insanlar daima ölümdən qorxur
Çünki mən təsadüfi insanları həbs edib öldürürəm
Lakin bunu etməyə kim cürət edər ki?
Qaydası ilə, insanları öldürən Ölüm Hökmdarıdır
Ölüm Hökmdarı isə çapmağın ulu ustasıdır
Çapmağın ulu ustasını əvəz etmək istəyən isə
Çətin ola bilsin ki, öz əllərini yarmasın
75
Millət acdırsa, deməli onun başçıları ərzaq vergisini qaldırıb –
Budur aclıq
Milləti nizama gətirmək çətindirsə, deməli onun başçıları çoxlu vəd verir –
Budur idarəetmənin çətinliyi
Millət ölümə etina etmirsə, deməli tamamilə çörəkpulu qazanmağa həsr edib özünü
–
Budur ölümə etina etməmək
Buna görə müdrük ol!
Dolanışı hər şeydən yüksək tutmaqdan isə
Tamamilə çörəkpulusuz qalmaq yaxşıdır
76
İnsan doğulanda yumşaq və incədir
Öləndə isə bərk və möhkəm olur
Min cür cisim – bitkilər belə – yaşadıqca yumşaq və kövrəkdir
Öləndə isə qurumuş və solmuş olur
Buna görə, güc və sərtlik ölümün yoldaşlarıdır
Yumşaqlıq və incəlik isə – həyatın yoldaşlarıdır
Ordusunun gücünə güvənən qalib gəlməz
Möhkəm ağacın taxtası da hamıya lazım
Möhkəm və böyük olan alçalır
Yumşaq və incə isə – yüksəlir
77
Göylər yolu yaya çəkilmiş ipə bənzər:
Yuxarıdakı ucunu aşağı endirir
Aşağıdakını isə yuxarı qaldırır
Artıq olan yerdə azaldar
Kəsir olan yerdə artırar
Göylər yolu –
artığın üstündən almaq və kəsirin üstünə gəlməkdir
İnsanların yolu isə əksinə –
Qıtliğı olandan alıb, artığı olana bəxşiş etməkdir
Artığlığını bütün dünyaya bəxş etməyi kim bacarar?
Ancaq yol adamı
Buna görə Arif Aqil
Nə etsə də yapdığından yapışmır
Şərəfi-nailiyyətində əylənmir
Məharətini gözə çarpdırmaq istəmir
78
Dünyada su qədər yumşaq və üzüyola olan bir şey yoxdur
Amma bərk və möhkəm bir şeyi oymaqda da onun bərabəri yox
O yenilməzdir!
Yumşaqlıq bərkliyə qalib gələr
Üzüyola olan inadkara qalıb gələr
Dünyada bunu bilməyən yoxdur
Amma buna əməl edən də yoxdur
Buna görə Arif Aqil buyurur ki,
Vətəninin çirkini alana “dövlətin ağası” deyərlər
Ölkənin qadasını alana “dünyanın hakimi” deyərlər
Doğru kəlmə ziddiyətə bənzər
79
Saziş yaman işdir – nəticədə kiminsə acığı qalsa əgər
Əmin-amanlıq olsun deyə bu işdə məharət gərəkdir
Buna görə Arif Aqil sazişin öz tərəfini güdür
Və digər tərəfin öhdəliklərini tələb etmir
Kəramətli insan sazişi gözləyər
Kəramətsiz insan – toplayacağını
Göylər yolu bitərəfdir
Lakin mahir insan üçün hər zaman açıqdır
80
Yaxşısı - xırda kənd, kiçik əhali
Qoy min cür cihaz olsun – onları işlətməyə ehtiac olmaz
Qoy camaat ölümə ciddi yanaşsın – dünyasını dəyişməkdən çəkinən olmaz
Qayiğ-araba olsa da – minib gedən olmaz
Yaraq-əsləhə olsa da – qeyib göstərən olmaz
Qoy camaat yenidən qayıtsın ip düyünlərinə – yazı əvəzinə onları işlətsin
Həyatları ilə razı olarlar
Pay-qismətləri ilə qane olarlar
Ocaqları salamat olar
Adətləri səadət olar
Kənd qonşuları bir-birini görər
İt-xoruz bir-birini eşidər
İnsanlar qocalıb rəhmətə gedər
Və heç kəsin onlarla işləri olmaz
81
Düz söz xoş olmaz
Xoş söz düz olmaz
Bilən bəhs etməz
Bəhs edən bilməz
Bacaran çox bilməz
Çox bilən bacarmaz
Arif Aqil sursat yiğmır
Başqalara qulluq etdiyi qədər malik olur
Başqalarla bölüşdüyü qədər əldə edir
Göylər Yolu – xeyir gətirmək və zərər yetirməməkdir
Arif Aqilin yolu – qulluq etmək və çəkişməməkdir